Среда, 17 10 2018
Войти Регистрация

Login to your account

Username *
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name *
Username *
Password *
Verify password *
Email *
Verify email *
Captcha *

Георгий Марчук. "Этюды Давид-Городка" на азербайджанском

Фрагмент текста книги "Этюды Давид-Городка" Георгия Марчука в переводе на азербайджанский язык (переводчик - Камран Назирли), только что изданной в Баку, опубликован на азербайджанском сетевом ресурсе artkaspi.az. Он предваряется краткой биографией белорусского писателя.

Georgi Marçuk müasir Belarus ədəbiyyatının tanınmış nümayəndəsidir. Belarusun Brest vilayətinin David-Qorodok şəhərində anadan olub. Belarus teatr institutunun teatrşünaslıq fakültəsini bitirdikdən sonra bir müddət "Belarusfilm" kinostudiyasında rejissor köməkçisi işləyib. Sonralar "Belarusfilm"in baş redaktoru vəzifəsində çalışıb. "Belarus Yazıçılar Birliyi"nin üzvüdür. Onun roman, povest, hekayə, nağıl və pyesləri dünyanın bir çox dillərinə tərcümə olunub, kitabları rus, belarus, ingilis, litva, bolqar, ukrayna, polyak, qazax və s. dillərdə nəşr olunub. Marçuk iki dəfə Nobel mükafatına namizədlərin siyahısına daxil olub. Belarus Dövlət mükafatı laureatıdır. 

 

Georgi Marçuk

David-Qorodokun etüdləri

 

Hər dəfə orda məni kədər hissləri bürüyür. Daxma, kilsə, məktəb, ağaclar, çayxana, Qorın körpüsündən o yana qəbiristanlıq, küçə kəsişmələrində taxta xaçlar... hər şey, mənə qüssə gətirir. Uşaqlıq və yeniyetmə çağlarımdan xatırlayıram: orda heç vaxt şən, deyib-gülən arvadlara rast gəlməmişəm. "Kloun" babalar isə həddən artıq çox idi. Bəlkə də belə hoqqabazlığa spirtli içkilər kömək edirdi. Mənim nənəmin gözəl yumor hissi vardı. Əlbəttə, onun üzündəki təbəssümü yalnız özünün və başqalarının nəvələrinin başını tumarlayanda görürdüm. Babamın dayısı qızı vardı, Alyona xala – o, daha çox zaraftcıl və şən idi. Alyona Klubışixi şəhərciyin problem və işlərindən həmişə xəbər tuta bilirdi. Bütün məlumatların toplandığı mərkəzə, yəni bazara ilk qaçan da, ordan hamıdan gec qayıdan da Alyona xalaydı. Çox asanca, özü də zarafatla məsləhət verməyi xoşlayardı. Onun eynəyinin altından görünən mavi iri gözləri vardı.

– Adamı nə vaxt qoca hesab eləmək olar? – bir dəfə soruşdum.

– Məktəbi qurtararsan deyərəm, – Alyona xala cavab verdi. – Hələ heç bığ yerin tərləməyib, qocalıq barədə düşünürsən.

Mən düz on yeddi il idi onu görmürdüm. Amma o, mənimlə fəxr edirdi, mənim yazıçı olduğumu bütün David-Qorodka yaymışdı. Çörək dükanında, kilsədə, bazarda "Xutorda qışqırıq" romanımı hamıya göstərirdi.

– Alyona xala, otuz yaşında necə, adam qocalır?

– Yox. Cavandı.

Mən də az aşın dəni deyildim, təslim olmaq istəmirdim. Biz Alyona xalayla, onun peşəkar xarrat əriylə oturub xalamın bişirdiyi dadlı kökələri yeyirdik.

– Bəs əlli yaşda necə, insan qocalır? – soruşdum.

– Hələ cavandı, əlli yaş nədi ki?

– Yetmiş yaşda adam dəqiq qocalır, hə? – dilim yenə dinc durmadı.

– Yoooooox, hələ cavandı... Ağ eləmə də.

Alyona xalanın özü isə az qala səksəni haqlamışdı.

– Onda səksən. Yüz faiz qocalıqdı! – bu dəfə də təkidlə bildirdim.

– Ayyy, Jorik, qulaq as, gör sənə nə deyirəm, bunu bütün ömrün boyu yadda saxla ki, daha belə suallar verməyəsən: nə qədər ki, insan yaşayır o, cavandı...

Birdən Alyona xala başladı mahnı oxumağa: "Oyyyy, şaxta, şaxta, məni buza döndərmə..."

Alyona xala təxminən doxsan yaşında Pinskdə, nəticəsinə "baxa-baxa" öldü.

 

***

 

Hiss edirdim ki, bu, mənim klubda, açıq qırmızı kərpicli kastyol binasında olacaq sonuncu konsertimdi. Nənəmlə birlikdə yaşadığımız evi su basmışdı. Sel gəlmişdi, demək olar ki, evdən əsər-əlamət qalmamışdı. Orda yaşamaq mümkün deyildi, bahalı təmirə başlamaq üçün isə pul yox idi. Nənəmin böyük oğlu Qrişa əmi bizə evində sığınacaq verdi; onun özünün də iki uşağı vardı, daimi iş yeri isə yox idi, həmişə də ehtiyac içindəydi. Mən artıq Stolin rayon mədəniyyət evinin müdiriylə danışıqlar aparmışdım. İş təklif eləmişdilər, daha doğrusu, demişdilər ki, sənə hansısa vəzifə verəcəyik.

9 Maya həsr olunmuş konsert yaxşı keçdi. Özfəaliyyətin bir xüsusiyyəti var – o, ürəklə işləyir, işi təqlid eləmir. Solo mahnılar oldu, duet oxudular, daha sonra bir neçə rəqs nömrəsi və mənim konferansım: qısa məzhəkələr, felyetonlar, təmsillər, ayrı-ayrı bəndlər dedim. Kim ki, gülüş yarada bilir, zal dərhal ona diqqət kəsilir. Mən də hədəfdəydim. Hamının təəccübünə səbəb olsa da, məni uzun müddət alqışladılar. Və nadir hadisə baş verdi. Görünür, hamı bilirmiş ki, mən Stolin rayonuna işləməyə gedirəm. Təsirlənmiş həmyerlilərimin göz yaşları və alqışları altında necə oldusa, birdən-birə zala xaçla xeyir-dua işarəsi elədim. Zal da mənə üç dəfə xaç vurub cavab verdi. Bu, öz-özünə alındı, qeyri-ixtiyari. Yəni, mənə demək istədilər ki, "Allaha pənah, gedin!". Pərdəni təzəcə örtmüşdülər ki, Moskvada tələbə-gənclərin Beynəlxalq festivalının iştirakçısı, fəal komsomolçu qız yüyürərək mənə yaxınlaşıb qorxa-qorxa dedi:

– Jora, sən nə etdin? Kim sənə icazə verdi ki, tamaşaçılara xaç vurasan? Axı biz klubuq, kilsə deyilik?

Hamı bilirdi ki, müharibədən sonrakı illərdə polyak katolik kilsəsinin binasını klub eləmişdilər.

– Bağışlayın, heç özüm də bilmədim, ixtiyarsız belə alındı, – özümə bəraət qazandırmağa çalışdım.

– Oyyy, bircə rayonda bilməsinlər! Bax da, gör vida konsertində neylədin?! Oyyy... nolacaq...

Mənim qohumlarım kluba gəlməmişdilər. Klub cavanların əyləncə yeridir, onlar isə özlərini artıq yaşlı hesab edirdilər. Mən klubdakı hadisə barədə Qrişa əmiyə danışdım. O, bir qədər fikrə getdi, sonra başını yuxarı qaldırıb harasa, tavana baxdı, dedi ki, məni səhnədə Allahın əli idarə edirmiş. "Kilsədə xaç vurmaq lazımdır, konsert vermək yox! Əhsən. Allah sənin başının üstündədir".

David-Qorodokdakı sonuncu gecədə uzun müddət gözümə yuxu getmədi.

       

***

 

Başa düşürəm, çoxları bu əhvalata inanmayacaq: mənim Allahla görüşüm olub! O mənimlə yuxudamı görüşdü? Yoxsa, mənə pıçıldaya-pıçıldaya sualları vətənə avtobusla dönərkən yolda mürgüləyən zaman verirdimi? Bilmirəm. Axır ki, mən Onun suallarıyla baş-başa qalmışdım – necə deyərlər, istəyirsiz inanın, istəmirsiz yox.

İnancıma görə, mən tərəddüd edən xristianam. Ətrafda qaynayan heyrətedici rəngarəng həyat məni valeh edir. Məntiqlə dərk edə bilmirəm: planeti, həyatı kim və nə vaxt yaradıb? Ulduzları, qara dəlikləri, radiasiya və cazibə qüvvəsini kim və hə vaxt meydana gətirib? Niyə məhz dekabrın sonunda günəş yay mövsümünə doğru dönür? Günəşi kim yaradıb, onu kim alovlandırıb, yer kürəsində gecə olanda günəş nə işlə məşğul olur?

Belədə skeptik-fizik mənə tənə vurub deyər: Yerin bir tərəfinə günəş işığı verilib, Yer qaz partlaması nəticəsində yaranıb, Yer kürəsi tozdan əmələ gəlib... Mən də ona laqeyd-laqeyd qulaq asacam, lakin öz fikrimdə qalacam. Bəs quşlar, heyvanlar, insan hardandı? Onlar da toz və qazdan yaranıb? Mən, ümumiyyətlə, mahiyyəti bilmək istəyirəm, yəni hər şeyin başlanğıcı, əvvəli necə olub. İndi isə keçək Allahın suallarına.

– Sənin altmışa yaxın yaşın var. Gəl, dostum, artıq qərar ver, görək Yerdə nəyin çatmır? Hər şeyi dadmısanmı, hiss etmisənmi, tanımısanmı? Mənim sənin qəlbinlə necə rəftar etməyim bundan asılı olacaq.

– Yəni, nə mənada? deyə çəkinə-çəkinə soruşdum. Düşündüm ki, O, məni daha sivil yerə, necə deyərlər, "inkişaf etmiş" planetə köçürmək istəyir.

– Çox sadə bir mənada, – Allah cavab verdi. – Mənə cavab verəndə, ya "hə", ya da "yox" de. Sənin mavi planetdəki ömrünün müəyyən müddətə artırılması "hə" ilə "yox" cavablarından asılıdır. Əgər, "hə" "yox"u ötməsə, onda ömrünü artırarıq...

– Tamam aydın olmadı, – cəsarətləndim.

– Siz orda bu milyardlarla illər ərzində elə bicləşmisiniz ki, sadəcə, mat qalıram, – Allah gülümsədi. – Misal üçün, mən soruşuram: "Əzizim, sən, belarus kartof kökəsindən doymamısan?" Sən də ya "hə", ya da "yox" cavabı verirsən. Mən də axırda hesablayıb nəticə çıxarıram.

– Başa düşdüm. Bizim kartof kökəsindən doymuşam, – tələsik cavab verdim.

– Onda davam edək.

Qulaqlarımı şəkləyib suallara diqqətlə qulaq asmağa başladım ki, artıq söz işlətməyim. Prinsipcə, bunlar hətta mənim xoşuma da gəldi. Yalan deməyəcəm: axı Allahı necə aldatmaq olar? Tam səmimi olacam...

Bütün sərnişinlər elə bil kiminsə göstərişiylə hansısa kənddə düşdülər, mən də avtobusda tək qaldım, bu da çox qəribəydi.

– Təyyarəylə uçmaqdan doymusan?

– Hə.

– Qatarla, avtobusla getməkdən necə, doymusan?

– Yox.

– Balıq tutmaqdan doymusan?

– Hə.

– Sevgilinlə öpüşməkdən doymusan?

– Yox.

– Məktəb təhsilindən razısan? İnstitut təhsilindən necə, doymusan?

– Hə.

– Radioya qulaq asmaqdan doymusan?

– Hə.

– Televizora baxmaqdan doymusan?

– Hə.

– Dadlı yeməklərdən necə, doymusan?

– Hə.

– Şampan, şərab, pivə içməkdən necə? Şahmat, dama, domino, futbol, tennis oynamaqdan necə, doymusan?

– Hə.

– Güllərdən necə, doymusan?

– Yox.

– Gündəlik qayğılardan necə, yorulmusan?

– Hə.

Allahın səsi çox sakit, dalğın idi, deyərdim ki, hətta, səsində şəfqət də vardı.

– İnsanlar səni məyus edibmi?

– Hə.

– Uşaqlar necə, səni məyus edibmi?

– Yox.

– Dənizdən doymusanmı?

– Hə.

– Maşından necə, doymusanmı?

– Hə.

– Vəhşi heyvanlara baxmaqdan doymusan?

– Hə.

– Quşlara baxmaqdan necə, doymusan?

– Hə.

– Bəs balıqlara baxmaqdan?

– Hə.

– Sinif yoldaşlarından razısan?

– Hə.

– Şam meşələrində gəzməkdən doymusan?

– Yox.

– Filmlərə baxmaqdan doymusan?

– Hə.

– Dostlarla münasibətdən doymusan?

– Yox.

– Metroya minməkdən doymusan?

     

Mənə elə gəldi ki, həddən artıq həyəcanlanmağa başlayıram. Bəlkə bir qədər biclik işlədim, hə? Lakin dərhal ayıldım. Allahın qarşısında biclik etmək olar?

– Yox.

– Kilsəyə, kostyola gedib ayinləri düzgün icra etmisənmi?

– Yox.

– Əlsiz-ayaqsızlara, kasıblara kifayət qədər kömək göstərmisənmi?

– Yox.

Mən düşünə-düşünə, tələsmədən Onun suallarına cavab verirdim, avtobusun doğma kəndimizin stansiyasında ha vaxt saxladığını belə hiss etmədim. Tanış küçəylə yavaş-yavaş addımlayır, dayanmadan, həmyerlilərimlə hal-əhval tutmadan gedirdim. Onlar məni çox çətinliklə tanısalar da, ayaq saxlamırdım.

– Məktublar, təbriklər, teleqramlar kifayət qədər almısan?

– Hə.

– Bal, alma, armud, albalı, gavalı, ərik, şaftalı, pomidor, xiyar doyunca yemisən?

– Hə.

– Doyunca velosiped sürmüsən?

– Yox.

– Konkidə, buz üstə doyunca sürüşmüsən?

– Hə.

– Pyeslərin premyerasına bəs qədər getmisən?

– Yox.

– Telefonla doyunca danışmısan?

– Hə.

Heç bilmədim haçan xalamqızıgilin həyət qapısını açıb içəri girdim; mən kəndimizə gələndə həmişə onlarda qalıram. Məni uşaq və yeniyetmə çağlarımdan tanıyan onun səksən yaşlı anası nəyi xoşladığımı bilirdi; xalam dərhal sobadan buğda unundan hazırladığı sıyığı götürüb mizin üstünə qoydu, albalı kompotu süzdü, qızardılmış kartof kökəsi qoydu qabağıma. Həyət qapısından içəri girəndən bəri Allahın səsi eşidilmirdi.

Mən əl-üzümü yudum, nəsil ikonaları önündə xaç vurdum və biz süfrə başına əyləşdik.

Birdən yenə Allahın səsi gəldi.

– Vətəni sevməkdən doymusanmı?

– Yox.

– Doğma çayınızdan doymusanmı?

– Yox.

– Dünya şöhrətli bəstəkarların musiqisinə qulaq asmaqdan doymusanmı?

– Yox.

– Kiyevə, Moskvaya, Krakova, Varşavaya, Parisə səfərlərdən aldığın təəssüratlar yetərlidirmi?

– Yox.

– Volqaya, Dona, Dneprə marağın azalıbmı?

– Yox, – qətiyyətlə cavab verdim.

– Sevimli, ləyaqətli insanları kifayət qədər görmüsənmi?

– Yox, – tərəddüdsüz qışqırdım.

– Bütün düşündüklərini həyata keçirmisənmi?

– Yox.

– Səni incidənləri cəzalandırmısanmı?

– Yox.

– Doğmalarınla danışmaqdan doymusanmı?

– Yox.

– Çay kənarında ayaqyalın gəzmisənmi doyunca?

– Yox.

Mənim səsim inamla çıxırdı, sanki kilsə zəngiydi, yoldan ötənləri ayin mərasiminə səsləyirdi.

– Bəlkə nəsə xoşuna gəlmir?, – xalam qızı ehtiyatla soruşdu. – Nəsə elə hey "yox-yox" deyirsən.

– Hər şey yaxşıdı, elə belə, özüm-özümə deyirəm...

Onlar qımışdılar. Daha sual gəlmədi. Görünür, Allah "hə-yox"ları hesablayırdı, nəticəyə gəlmək üçün. Biz çox söhbət elədik, yerli xəbərlərdən, dünya problemlərindən danışdıq. Monoton yağış səsindən uzun müddət gözümüzə yuxu getmədi. Səhər yuxudan öncə mən durdum. Qəlbim həyəcanlıydı, nəsə qaynayırdı orda, ona görə ayıldım. Nə demişdimsə, necə cavab vermişdimsə, artıq bitmişdi. Aldatmamışdım Onu. Lakin ilk sual mənə dinclik vermirdi. Dərhal ayaqyalın çay kənarına yürüdüm. Hələ kilsədə ayin başlamamışdı. Altıya qalmışdı. Qorın çayının sahilində durdum, üzüm Günəş çıxan tərəfəydi. Sanki göyün üzündə gözlərimlə Onu, mənə sual verəni axtarırdım. Qumlu sahillərə dəyən ləpələrin arasında xırda balıqlar görünürdü. Onlar mənə fikir vermirdilər. Suların üstüylə qaranquşlar səssiz-səmirsiz uçuşurdular.

– İlahi, biz səninlə dünən danışırdıq. İstəmirəm nəyisə təzədən cavablandırıb düzəldəm. Qoy nə demişəmsə, eləcə qalsın. Yalnız birinci sual... birinci sualın cavabında tələsdim... Hazırlıqsız idim. Düşünmədən cavab verdim..."Sizin kartof kökəsindən yeyib doymusanmı?" Cavab verdim:"Hə". Amma, "yox" deyirəm! Eşidirsənmi, İlahi! "Yox!" deyirəm.

Cavab əvəzimə sakit axan suların şırlıtısını eşidirdim. Qoca pişpişidə oturub nəğmə oxuyan sarıköynək günəşi qarşılayırdı. Ürəyimdə özümü qınayırdım: axı mən niyə sual və cavabları götür-qoy etmirdim? Bəlkə O, səsimi eşitdi? Cavablarımı düzəltdi bəlkə? Axı mənim kimi onun beş milyard adamı var! Gözləyəcəm... Nə olar-olar! Sevgilimi öpəcəyəm, vətənimin gözəlliyindən vəcdə gələcəyəm, şam meşələrinin havasını udacağam, dostlarımdan zəng gözləyəcəyəmm, uşaqlarımı və nəvələrimi böyüdəcəyəm, onları kartof kökəsi ilə bəsləyəcəyəm, evimin taxta aynabəndində oturub sarıköynəklərin nəğmələrinə qulaq asacağam.

 

Прочитано 352 раз
Авторизуйтесь, чтобы получить возможность оставлять комментарии